AZCON Holding-in Baş Direktoru Şahin Babayev Çinə işgüzar səfəri çərçivəsində nüfuzlu Çin Logistika Qrupunun İdarə Heyətinin sədri və baş meneceri cənab Xu Honqunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər milli logistika sistemlərinin və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində strateji dialoqun qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini ətraflı müzakirə ediblər.
Şahin Babayev görüşün əhəmiyyətini vurğulayaraq, müasir logistika və təchizat zəncirinin idarə olunması sahəsində bilik və təcrübə mübadiləsi üçün institusional çərçivənin formalaşdırılmasının vacibliyini qeyd edib. Bu çərçivənin hər iki ölkənin logistika potensialının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Danışıqların əsas mövzularından biri də regional və transsərhəd e-ticarət logistikasında perspektivli əməkdaşlıq imkanları olub. Tərəflər bu sahədə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı investisiya imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparıblar.
Görüş Azərbaycan və Çin arasında logistika və nəqliyyat sahələrində mövcud əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.


