Hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmir.
AzerGold QSC, hazırda qızıl sikkə və külçələrin satışı ilə bağlı xarici satış platformaları ilə hər hansı bir əməkdaşlıq nəzərdən keçirilmədiyini açıqlayıb.
Bu barədə “Azergold” GDP-yə məlumat verilib.
Qeyd edək ki, 2021-ci ildən etibarən İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı məqsədilə yerli qızıl xammalından istehsal olunan qiymətli məhsulların Satış və Mübadilə Mərkəzi istifadəyə verilib. Mərkəz, Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşir və burada sikkə və külçələrin satışı, eləcə də qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin edilir.
AzerGold, dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ölkədə qızıl bazarının sağlamlaşdırılması, zərgərlərin və digər istehlakçıların maraqlarının qorunması, eləcə də yüksək keyfiyyətli, həqiqi əyarlı qızıl və gümüş məhsullarına tələbatın ödənilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Məlumat üçün bildirək ki, AzerGold QSC, milli zərgərlik ənənələrinin dirçəldilməsi və qiymətli metalların yerli pərakəndə satış bazarının inkişafı məqsədilə 2019-cu ildən etibarən Azərbaycan qızılının bir hissəsini yerli bazara yönəldərək pərakəndə satışını həyata keçirir. Ölkə daxilində əsas alıcılar zərgərlik sənayesini təmsil edən sahibkarlar və istehlakçılardır.