“AzInTelecom” MMC Azərbaycanda ilk Superkompüter Mərkəzini qurub.
Mərkəzin yaradılması Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə əlaqədardır. O, süni intellekt (Sİ) layihələrinin həyata keçirilməsi, ölkənin Sİ sahəsində inkişafının sürətləndirilməsi və rəqəmsal transformasiyaya dəstək məqsədi daşıyır.
Mərkəzdə innovasiya subyektləri, biznes və dövlət qurumları üçün nəzərdə tutulmuş, “NVIDIA H200 GPU” çipləri əsasında qurulmuş yüksək performanslı (HPC) kompüterlər yerləşir. Bu sistemlər böyük həcmdə məlumatı adi kompüterlərdən dəfələrlə yüksək sürətlə emal edə bilir.
Təşkilat bildirib ki, Superkompüter Mərkəzi ölkədə Sİ ekosisteminin inkişafı üçün strateji əhəmiyyət daşıyır. O, yerli Sİ layihələrinin xarici resurslardan asılı olmadan inkişaf etdirilməsinə, dövlət məlumatlarının daha təhlükəsiz emalına şərait yaradacaq və Azərbaycanın regionda Sİ sahəsində rəqabət qabiliyyətini gücləndirəcək.
Hazırda Mərkəzin imkanlarını genişləndirmək məqsədilə yeni “GPU” çiplərinin alınması üzrə işlər davam etdirilir.
Qeyd edək ki, “AzInTelecom” ölkənin ən böyük bulud xidmətləri provayderi və “Hökumət buludu” layihəsinin icraçısıdır. Şirkətin Bakı və Yevlaxda “TIER III” sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir, Abşeron və Hacıqabulda isə daha iki data mərkəzinin tikintisi gedir.

