2026-cı ilin yanvar ayında Azərbaycanda pul bazası 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 75,1 milyon manat artaraq 30.01.2026-cı il tarixində 22 milyard 545,3 milyon manata çatıb. Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrında pul bazası noyabrın sonu ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% artaraq 22 milyard 470,2 milyon manat olmuşdu.
İlkin baza ilə müqayisədə, pul bazası 29.12.2024-cü il tarixindəki 20 milyard 916,5 milyon manatdan 2026-cı il yanvarın sonunadək 1 milyard 628,8 milyon manat artıb. 2025-ci ilin 12 ayı ərzində pul bazasının artımı 1 milyard 553,7 milyon manat təşkil edib.
Pul bazası pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddətdə dəyişdirilə bilən hissəsi hesab olunur və dövriyyədə olan nağd pul, eləcə də bank ehtiyatları (kommersiya banklarının AMB-dəki müxbir hesab qalıqları) daxil olmaqla formalaşır. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.


