“PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir.
GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib.
O bildirib ki, bank, KOS-lara rəqəmsal məhsul və xidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını daha effektiv və sürətli etməyə şərait yaradır. “Ən çox tələbat rəqəmsal kredit, rəqəmsal faktorinq və rəqəmsal təchizat zənciri maliyyələşdirilməsi məhsullarınadır. “PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir”,-deyə Bəhruz Nağıyev fikirlərini davam etdirib.
“PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini bankın faktorinq və təhcizat zənciri maliyyələşməsi məhsullarının KOS-ların fəaliyyətindəki roluna da aydınlıq gətirərək “Bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. Faktorinq xidmətləri ilə təchizatçılar mallarının və xidmətlərinin ödənişlərini vaxtında alır, alıcılar isə borclarını bank vasitəsilə ödəyir. Bu, KOS-lara maliyyə axınını daha yaxşı idarə etmələrinə və bizneslərini böyütmələrinə imkan yaradır”,-deyə qeyd edib.