Qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin qurulmasına çalışırıq.
GDP xəbər verir ki, PAŞA Bank ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev, bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında qaimə və invoysların idarə olunması ilə bağlı yeni sistemin qurulması üzərində çalışdıqlarını bildirib.
Onun sözlərinə görə, Azərbaycan Banklar Assosiasiyası (ABA) vasitəsilə bütün qaimə və invoysların bir pəncərədən idarə olunması sisteminin yaradılmasına çalışırlar.
Bəhruz Nağıyev əlavə edib ki, faktorinq bazarının böyüməsi üçün bir neçə əlavə addım atılmalıdır. Bunun üçün debitor borcların xülasəsini əks etdirən bir sistemin qurulması vacibdir. O, qeyd edib ki, bu sistem Türkiyədə geniş yayılıb və Azərbaycanda da tətbiq edilməlidir.
Nağıyev bildirib ki, qaimələrin 2-3 dəfə maliyyələşdirilməsinin qarşısını almaq lazımdır, hazırda bu cür hallar baş verir. Onun sözlərinə görə, belə halların həllindən sonra faktorinq məhsulunun ölkədə geniş yayılmasını müşahidə etmək mümkün olacaq.
PAŞA Bank-ın faktorinq portfelinin böyüdüyünü qeyd edən Nağıyev, bu artımın hələ istənilən səviyyədə olmadığını vurğulayıb. O, artımın daha çox olması üçün qanunvericilikdə müəyyən dəyişikliklərin öz yeri tapmasının vacibliyini də bildirib.