Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar nəticəsində müəyyən edilmiş nöqsanlara görə birjaya və onun vəzifəli şəxslərinə ümumi məbləği 8200 manat olan cərimələr tətbiq edilib.
Mərkəzi Bankdan verilən məlumata görə, yoxlamalar zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsi səbəbindən “Bakı Fond Birjası” QSC-yə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən 6000 manat məbləğində cərimə tətbiq olunub. Həmin qərar Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Bundan əlavə, BFB-nin vəzifəli şəxsi Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.
Digər tərəfdən, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə də tədbirlər görülüb. Bu pozuntulara görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.
Qeyd edilir ki, Mərkəzi Bank kapital bazarının şəffaflığının təmin edilməsi və qanunvericiliyin tələblərinin dəqiq şəkildə yerinə yetirilməsi istiqamətində sistemli nəzarət fəaliyyətini davam etdirir. Fond birjalarının fəaliyyətində qanunvericilik tələblərinin pozulması hallarında müvafiq tədbirlər görülür.