Bakı Fond Birjası qiymətli kağızların listinqi ilə bağlı yeni qaydaları açıqlayıb. GDP xəbər verir ki, qaydalar çərçivəsində emitentlər üçün konkret maliyyə tələbləri və minimum məbləğlər müəyyən edilib.
Məlumata görə sənədə əsasən, səhmlərin Əsas bazar seqmentinə daxil edilməsi üçün emitentin nizamnamə kapitalı ən azı 10 milyon manat olmalıdır. Standart bazar seqmenti üçün bu göstərici minimum 200 min manat səviyyəsində müəyyən edilib.
İstiqrazlar üzrə isə Əsas bazar seqmentində yerləşdirmə həcmi ən azı 10 milyon manat, Standart bazarda isə minimum 500 min manat təşkil etməlidir.
Bundan əlavə, qaydalara əsasən, səhmlərin ən azı 5 faizi sərbəst tədavüldə (free float) olmalı və emitentlər beynəlxalq maliyyə hesabatları standartlarına uyğun audit olunmuş hesabatlar təqdim etməlidirlər.
Yeni tələblər fond bazarında daha iri və maliyyə baxımından dayanıqlı şirkətlərin iştirakını təşviq etməyə yönəlib. Eyni zamanda, investorların qorunması və bazarda şəffaflığın artırılması əsas prioritetlər kimi müəyyən olunub.
Qaydaların ictimaiyyətə açıqlanmasından sonra 1 ay ərzində qüvvəyə minəcəyi bildirilir.

