Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bank kartlarından oğurluq zamanı hansı halda bankın, hansı halda müştərinin məsuliyyət daşıdığını açıqlayıb.
GDP-nin məlumatına görə,ekspert bildirib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 41.4-cü maddəsinə əsasən, bank kartı oğurlandıqda və ya itirildikdə müştəri dərhal banka məlumat verməlidir.
“Əgər kart sahibi kartının oğurlanması və ya itirilməsi barədə banka məlumat verməyibsə, bu zaman hesabından çıxarılan 100 manatadək (və ya xarici valyutada bu məbləğin ekvivalenti) vəsaitə görə bank məsuliyyət daşımır. Bu məbləğ müştərinin üzərinə düşür”, – deyə Rüstəmov qeyd edib.
Ekspert vurğulayıb ki, müştəri banka məlumat verdikdən sonra baş verən bütün itkilərə görə məsuliyyəti bank daşıyır: “Yəni müştəri banka məlumat verdikdən sonra onun kartından istənilən məbləğdə vəsait oğurlanarsa, həmin məbləği bank ödəməlidir. Bu qayda yalnız kart sahibinin özünün dələduzluğa yol verdiyi hallar istisna olmaqla tətbiq edilir”.
T.Rüstəmov əlavə edib ki, qanunun bu maddəsi vətəndaşların bank kartlarından sui-istifadə halları zamanı hüquqlarının qorunmasına və itkilərin məhdudlaşdırılmasına xidmət edir.