Bank Respublika-nın rəhbərliyi Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marian de Yonq ilə işgüzar görüş keçirib.
GDP xəbər verir ki, görüşdə Azərbaycanın əlverişli investisiya mühiti və xarici investorlar üçün yaradılan imkanlar müzakirə olunub. Söhbət əsasən Bank Respublika ilə Niderland İnkişaf Bankı (FMO) arasındakı strateji tərəfdaşlıq üzərində qurulub.
Qeyd edildi ki, bu əməkdaşlıq çərçivəsində Bank Respublika tarixində ilk “yaşıl” kredit müqaviləsi imzalanıb. Eyni zamanda, FMO ilə bağlanan kredit sazişi Bankın tarixində və Azərbaycanın özəl bank sektorunda indiyədək qeydə alınmış ən iri kredit razılaşması olub. Cəlb edilən vəsaitlər kənd təsərrüfatı, mikro, kiçik və orta biznesin, xüsusilə gənc və qadın sahibkarların maliyyələşdirilməsinə, həmçinin yaşıl layihələrin dəstəklənməsinə yönəldilib.
Görüşün sonunda Bank Respublika FMO ilə əməkdaşlığın daha da dərinləşdirilməsi istəyini bildirib və Azərbaycanda investisiya planları olan Niderland şirkət və sahibkarlarına hərtərəfli bank xidmətləri təklif etməyə hazır olduğunu vurğulayıb.



