Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin birinci yarımili üzrə “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, bank sektorunda depozitlərin strukturu əhəmiyyətli dəyişikliklərə məruz qalıb.
GDP-in məlumatına görə, hesabatda qeyd olunur ki, sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınıb, eyni zamanda fiziki şəxslərin depozitlərində isə artım müşahidə olunub.
2025-ci ilin yanvar-iyun ayları ərzində hüquqi şəxslərin depozitləri 4.7% (1.1 milyard manat) azalaraq 22.3 milyard manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə 5.3% (0.76 milyard manat) artaraq 15.1 milyard manata çatıb. Nəticədə, 2025-ci ilin I yarımilinin sonuna olan məlumatlara əsasən hüquqi şəxslərin depozitlərinin ümumi öhdəliklərdə payı 5.7 faiz bənd azalaraq 44.8% olub, fiziki şəxslərin depozitlərinin payı isə 30.2% təşkil edib.
Mərkəzi Bankın məlumatlarına əsasən, 2024-cü ilin eyni dövründə vəziyyət fərqli olub. 2024-cü ilin I yarımilində hüquqi şəxslərin depozitləri 3% azalma ilə 21.3 milyard manat olub, fiziki şəxslərin depozitləri isə 10.3% artım göstərib. Bu göstəricilər 2025-ci ildə korporativ depozitlərdə azalma tempi sürətləndiyini, şəxsi depozitlərdə isə artım tempinin bir qədər yavaşladığını göstərir.