Beynəlxalq Valyuta Fondunun (BVF) “Middle East and Central Asia” adlı son hesabatında Azərbaycanın maliyyə sektoru və xarici pul köçürmələri ilə bağlı mühüm tendensiyalar açıqlanıb.
GDP xəbər verir ki, sənədə əsasən, ölkədə özəl sektora verilən kreditlərin artımı əsasən korporativ kreditləşmə – yəni biznes sahəsində fəaliyyət göstərən müəssisələrə verilən borclar – hesabına baş verir. Əhalinin kreditə çıxışı və ya tələbi daha məhdud ola bilər.
BVF-nin məlumatlarına görə, 2025-ci ilin əvvəlində Azərbaycanda özəl sektor kredit artımı bölgədəki digər neft ixracatçısı ölkələrlə müqayisədə orta səviyyədə olub. Kredit portfelində ən böyük payı korporativ sektor təşkil edib ki, bu da iqtisadiyyatın əsasən biznes və dövlət müəssisələri üzərində qurulduğunu bir daha göstərir.
Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycana xaricdən daxil olan pul köçürmələri – xüsusilə də Rusiyadan gələnlər – ölkə iqtisadiyyatı üçün hələ də mühüm maliyyə mənbəyidir. 2024-cü ilin məlumatlarına əsasən, Rusiyada çalışan azərbaycanlı miqrantlar tərəfindən göndərilən vəsaitlər ümumi pul köçürmələrinin böyük hissəsini təşkil edir. Bu, bir tərəfdən ölkədə miqrasiya axınlarının davam etdiyini, digər tərəfdən isə vətəndaşların gəlirlərində bu vəsaitlərin rolunun azalmadığını göstərir.