Bu gün axşam saatlarından etibarən “Birbank” mobil tətbiqində texniki problemlər yaşanıb.
GDP-nin məlumatına görə, bir çox istifadəçi tətbiqə daxil olduqda kartlarının silindiyini müşahidə edib. Bu hal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Birbank”dan açıqlama verilib. Bankın nümayəndələri yaranmış narahatlıqla əlaqədar bunları bildirib:
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz şəkildə həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin müştərilərimiz kartla POS-terminal, Apple Pay və Google Pay vasitəsilə ödənişləri rahatlıqla həyata keçirə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik.”
Daha sonra bank problemlə bağlı yeni açıqlama yayımlayıb. Bildirilib ki, mobil tətbiqdə yaranan texniki çətinlik artıq aradan qaldırılıb və tezliklə tətbiq tam şəkildə bərpa ediləcək.
Müştərilər texniki problemlərə görə narazılıqlarını bildirsələr də, bankın operativ şəkildə məsələnin həlli üçün çalışması müsbət qarşılanıb. İstifadəçilərdən anlayışlı olmaları xahiş edilib.