Bank Respublika Çinlə artan ticarət dövriyyəsi fonunda dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of Chinailə müxbir bank əlaqələri yaradıb. Bu əməkdaşlıq Azərbaycan–Çin ticarət münasibətlərində maliyyə əməliyyatlarının daha birbaşa, sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verəcək.
Bank Respublikanın Korporativ Bankçılıq üzrə İcraçı Direktoru Sadiq İbadov bildirib ki, 2025-ci ilin yekunlarına əsasən Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4,874 milyard ABŞ dollarına çatıb və bu göstərici illik müqayisədə 30%-dən çox artıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 9,86 faiz payla dördüncü, idxalda isə birinci yerdə qərarlaşıb.
Onun sözlərinə görə, yeni müxbir hesab mexanizmi Çinlə hesablaşmalarda vasitəçi bankların sayını azaldır, əməliyyat xərclərini aşağı salır və ödənişlərin birbaşa Çin yuanı (CNY) ilə aparılmasına şərait yaradır. Bu isə xüsusilə idxal və ixracla məşğul olan sahibkarlar üçün valyuta risklərinin azalması və əməliyyatların sürətlənməsi baxımından mühüm üstünlüklər yaradır.
S.İbadov qeyd edib ki, Bank Respublika geniş beynəlxalq müxbir bank şəbəkəsinə malikdir və ABŞ, Avropa və digər əsas maliyyə mərkəzlərində birbaşa hesablar açıb. Bankın The Bank of New York Mellon, Commerzbank AG və Raiffeisen Bank International kimi nüfuzlu maliyyə institutları ilə əməkdaşlığı beynəlxalq əməliyyatların etibarlılığını təmin edir.
O vurğulayıb ki, bankın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə KOrparasiyası International Finance Corporation(IFC) və FMO kimi beynəlxalq maliyyə institutları ilə uzunmüddətli tərəfdaşlığı Bank Respublikanın korporativ idarəetmə və risklərin idarə olunması sahəsində beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.
Bank Respublika gələcək mərhələdə Bank of China ilə əməkdaşlığın ticarətin maliyyələşdirilməsi, akkreditivlər, sənədli əməliyyatlar və Çinlə ticarət edən Azərbaycan sahibkarlarının layihələrinin maliyyə dəstəyi istiqamətində genişləndirilməsini planlaşdırır. Məqsəd Çin və digər qlobal bazarlarla işləyən yerli biznes üçün “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən əsas bank tərəfdaşı olmaqdır


