Dünyanın ən böyük yarımkeçirici məhsul istehsalçılarından biri olan Broadcom Inc.-in kapitalizasiyası ilk dəfə olaraq 1 trilyon dollar həddini keçib.
GDP xəbər verir ki,cümə günü keçirilən ticarət sessiyasında şirkətin səhmləri 21%-dən çox bahalaşma nümayiş etdirib.
Ötən ticarət sessiyasının nəticələrinə əsasən, Broadcom-un bazar dəyəri 843.79 milyard dollar təşkil edib. Bu o deməkdir ki, şirkət ticarəti 1 trilyon dollardan yüksək bazar dəyəri ilə başa vurmaq üçün səhmlərinin qiymətini ən azı 19% artırmalıdır.
Cümə axşamı ABŞ bazarlarının bağlanmasından sonra yayımlanan Broadcom-un dördüncü maliyyə rübü üzrə hesabatı şirkətin həm xalis mənfəətinin, həm də gəlirinin əhəmiyyətli dərəcədə artdığını göstərib. Bu, səhmlərin qiymətinin kəskin yüksəlməsinə səbəb olub.
Hazırda Apple, Nvidia və Microsoft-un bazar dəyəri 3 trilyon dolları, Amazon.com-un bazar dəyəri isə 2 trilyon dolları keçir. Meta və Tesla-nın kapitalizasiyası Broadcom kimi 1 trilyon dollar həddini qoruyub saxlayır. Bununla belə, TSMC və Berkshire Hathaway-in kapitalizasiyası bu həddən aşağı düşüb.
Broadcom-un bu uğuru, şirkətin yarımkeçirici bazarındakı güclü mövqeyini və gələcəkdə daha böyük böyümə potensialını vurğulayır.