Bu il ayrılmış limit çərçivəsində Azərbaycanda dövlət xətti ilə ipoteka krediti almaq üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb.
GDP xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Fond 2026-cı ildə ipoteka kreditləşməsini davam etdirmək məqsədilə müvəkkil banklara limitlər ayırıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart saat 11:00-dan başlanılıb.
Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində və şəffaf şəkildə qəbulunun təmin edilməsi məqsədilə Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilib, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.
Həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələb formalaşdırıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1 522 şəxsin (ümumi müraciət 9 019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 şəxsin (ümumi müraciət 4 369) müraciəti qeydə alınıb.
Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Dövlət Xidmətinin tətbiq etdiyi informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır.

