Beynəlxalq Valyuta Fondunun (IMF) yeni hesabatına əsasən, Azərbaycan bank sektoru dayanıqlılığını qoruyub saxlamaqla yanaşı maliyyə göstəricilərində yaxşılaşma müşahidə olunur.
GDP-nin xəbərinə görə, hesabatda bildirilir ki, 2024-cü ilin sonuna bank sisteminin kapital adekvatlığı əmsalı 17,6 faiz təşkil edib, sistemli ümumi və xarici valyuta likvidlik əhatə əmsalları isə minimum tələbləri üstələyib. Bu göstəricilər regional analoqlarla müqayisə oluna bilən səviyyədədir.
Bank aktivlərinin keyfiyyətində də müsbət dəyişikliklər qeydə alınıb. İstehlak kreditləri üzrə bəzi prudensial tənzimləmələrin sərtləşdirilməsinə baxmayaraq, kredit portfeli genişlənib, qeyri-işlək kreditlərin (QİK) nisbəti isə 2022-ci ilin sonundakı 3,8 faizdən 2024-cü ilin dekabrında 2,4 faizə düşüb.
Fond qeyd edir ki, bank sisteminin mənfəətliliyi geniş faiz marjaları sayəsində güclü olaraq qalır. Bununla belə, hesabatda sektorda hələ də bəzi zəifliklərin olduğu vurğulanır. Bunlara topdansatış korporativ əmanətlərdən yüksək asılılıq, əmanətlərin azalan, lakin hələ də yüksək dollarlaşma səviyyəsi və kredit konsentrasiyası daxildir.