Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin artımı ilə bağlı fikirlərini bölüşüb
Tamerlan Rüstəmovun bildirdiyinə görə, cari ilin ilk 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində aparılan ümumi ödəniş əməliyyatlarının 72 milyard manat həcmindəki 67,4%-i nağdsız formada həyata keçirilib. Bu nağdsız dövriyyənin 87%-i isə elektron ticarətə düşür.
Elektron ticarətdə “card-to-card” dominantlığı
Açıqlamada elektron ticarət dövriyyəsinin təxminən 60%-nin “card-to-card” (kartdan-karta) ödənişlər hesabına formalaşdığı ehtimal olunur. Lakin, mütəxəssis bu növ əməliyyatların gələcəkdə ləğv ediləcəyini və ya ən yaxşı halda məhdudlaşdırılacağını nəzərə çatdırıb.
38 milyard manatlıq azalma riski
Bu məhdudlaşdırmanın nəticəsi kimi, ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərdə təxminən 38 milyard manat məbləğində azalma müşahidə edilə biləcəyi qeyd olunub. Belə bir ssenari baş verərsə, nağdsız dövriyyənin ödəniş kartları ilə aparılan ümumi əməliyyatlardakı payı 67,4%-dən təxminən 49%-ə qədər enəcək.
Həll yolu: İqtisadiyyatın nağdsızlaşdırılması
Tamerlan Rüstəmov, rəqəmsal ödənişlərdə son illər əldə edilən uğurlu nəticələrin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bunun üçün ilk mühüm addımın, iqtisadiyyatın müxtəlif sahələrində on illiklər ərzində davam edən nağd dövriyyəni nağdsızlaşdırmaq və ya qapalı şəbəkədə aparılan ödənişləri (məsələn, ictimai nəqliyyat, dövlət xidmətləri) nağdsız dövriyyəyə cəlb etmək olduğunu bildirib.
Nəqliyyatda nağdsız ödənişlər uğurlu nümunədir
Mütəxəssis, son illər həlledilməz problemə çevrilən nəqliyyat layihəsinin həyata keçirilməsini və ödəniş kartları ilə gediş haqlarının ödənilməsinin bu istiqamətdə atılmış uğurlu bir addım kimi qiymətləndirib.

