PAŞA Bank-ın İdarə Heyətinin rəhbəri Cavid Quliyev, beynəlxalq maliyyə nəşri International Investor Magazinetərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bölüşərkən, 2024-cü ilin sonuna qeyri-neft sektorundakı portfelin 3.015 milyard manata çatdığını və KOS portfelinin 19% artdığını bildirib.
GDP xəbər verir ki, o, bankın aktivlərinin 8,2 milyard manata, xalis mənfəətinin isə 210,5 milyon manata yüksəldiyini vurğulayıb.
Cavid Quliyev, həmçinin yaşıl layihələrin maliyyələşdirilməsi, sindikat kreditləşmə müqavilələrinin bağlanması və COP29 təşəbbüslərinə dəstək kimi mühüm sahələrdə əldə olunan irəliləyişləri də qeyd edib. Müştərilərinə ehtiyaclarına uyğun xidmətlər təklif edərək onların uğurlarına dəstək olmağın, PAŞA Bank-ı etibarlı bir tərəfdaş kimi tanıtdığını söyləyib.
İdarə Heyətinin rəhbəri, bu mükafatı yalnız beynəlxalq ekspertlərin işlərinə olan etibarının bir göstəricisi deyil, həm də bankın bütün komandası tərəfindən göstərilən yorulmaz səylərin nəticəsi kimi qiymətləndirib. O, həmçinin dayanıqlı biznes həllərinin təqdim edilməsi və qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı səylərin PAŞA Bank-ın bu uğurda əsas rolu oynadığını bildirib.
Cavid Quliyev, bankın innovasiya və mükəmməllik üzərindəki davamlı fokusunun Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verəcəyini və maliyyə sektorunda uzunmüddətli dəyər və müsbət dəyişikliklər yaradacağını vurğulayıb.