Biznes kredit portfeli 3 milyard manat həddini keçib və bazar payı 20%- dən çox olub
GDP xəbər verir ki, PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev, Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sosial media vasitəsilə yayımladığı təbrik mesajında bu uğurları vurğulayıb.
Cavid Quliyev bildirib ki, bankın biznes kredit portfeli 3 milyard AZN həddini keçib və bazar payı 20 faizdən çox olub. PAŞA Bank, qeyri-neft sektorunun inkişafına yönələn təşəbbüsləri ilə ölkənin iqtisadi inkişafına mühüm töhfə verib. Korporativ bankçılıq seqmentində liderliyini qoruyan bank, eyni zamanda kiçik və orta sahibkarlıq sahəsində yeni imkanlar yaradıb.
PAŞA Bank 2024-cü il ərzində bir sıra beynəlxalq konfranslara ev sahibliyi edib. “Azərbaycan bazarında sindikat kreditləşməsi”, “Bloomberg NEF” ilə “Xalis sıfır emissiyaya keçid” və “Azərbaycanda alternativ investisiyalar” mövzusunda keçirilən tədbirlər ölkənin maliyyə bazarının inkişafına ciddi təsir göstərib.
Bankın beynəlxalq səviyyədə qazandığı uğurlar da diqqətdən kənar qalmayıb. PAŞA Bank “Euromoney” tərəfindən “Ən yaxşı KOS Bankı” və “Global Finance” tərəfindən “Best Private Bank in Azerbaijan 2024” mükafatlarına layiq görülüb.
Cavid Quliyev bu uğurların müştərilərin və tərəfdaşların etimadı ilə mümkün olduğunu qeyd edərək, PAŞA Bankın gələcəkdə də dayanıqlı iqtisadi inkişafa dəstək vermək və müştərilər üçün əlavə dəyər yaratmaq məqsədini davam etdirəcəyini bildirib.
O, həmçinin Yeni il və Həmrəylik Günü münasibətilə hər kəsi təbrik edərək sağlamlıq, rifah və firavanlıq arzulayıb. PAŞA Bank 2024-cü ildən başlayan yeni üçillik strategiya çərçivəsində daha böyük nailiyyətlər əldə etməyi qarşısına məqsəd qoyub.