PAŞA Bank Azərbaycanın maliyyə bazarında yeni bir səhifə açaraq, 16.3 milyon AZN dəyərində sindikat kredit əqdini həyata keçirib.
GDP xəbər verir ki, bank tərəfindən təşkil edilən bu kredit vəsaitləri “AZƏRMAŞ” ASC və “İRŞAD Electronics” MMC-yə ayrılıb.
PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirdi ki, bank artıq korporativ müştərilər və kiçik və orta sahibkarlıq subyektləri üçün sindikatlaşdırılmış kreditlər təklif edir. O qeyd etdi ki, maliyyə resurslarının əlçatanlığı biznesin inkişafında əsas amillərdəndir.
“2024-cü il ərzində bankımız ‘Azərbaycanda sindikat kreditləşmə’ və ‘Azərbaycanda alternativ investisiyalarla tanışlıq’ kimi mühüm tədbirlərə ev sahibliyi edib. Məqsədimiz maliyyə sektoru ilə investorlar və biznes dairələri arasında səmərəli əməkdaşlıq platforması yaratmaqdır”, – deyə C.Quliyev vurğulayıb.
İdarə Heyətinin sədri həmçinin qeyd edib ki, bu əqd bankın fəaliyyətinin bu istiqamətdə ilk nəticəsidir və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Yeni maliyyələşmə mexanizminin tətbiqi PAŞA Bank-ın ənənəvi bank məhsullarından daha müasir və çevik maliyyə alətlərinə keçidini göstərir. Bu addım həm də yerli maliyyə bazarının inkişafında mühüm mərhələ hesab olunur.