PAŞA Kapital” investisiya şirkəti ilə Birbank arasında strateji tərəfdaşlıq çərçivəsində növbəti mühüm addım atılıb. Tərəflər “Birbank Invest” adlı yeni rəqəmsal aləti ictimaiyyətə təqdim ediblər.
GDP xəbər verir ki, bu platforma həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün maliyyə bazarlarına çıxışı daha əlçatan və sürətli etməyi hədəfləyir.
“PAŞA Kapital”ın direktoru Ceyhun Hacıyev layihə ilə bağlı bunları deyib:
“Birbank ilə strateji tərəfdaşlığımızın yeni mərhələsi – Birbank Invest! Bu rəqəmsal alət həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün maliyyə bazarlarına çıxışı daha sadə və sürətli edir, inklüziv və likvid kapital bazarlarının formalaşmasına xidmət göstərir. Layihə innovasiyaya, maliyyə inklüzivliyinə və rəqəmsal transformasiyaya sadiqliyimizin bariz nümunəsidir. Uzun müddətli əmək və qarşılıqlı etimad üzərində qurulan bu təşəbbüs üçün Birbank komandasına və bütün tərəfdaşlarımıza dərin təşəkkürümü bildirirəm.”
Yeni alət Azərbaycanın maliyyə texnologiyaları sektorunda əhəmiyyətli yenilik hesab olunur. Birbank Invest, ölkədə kapital bazarlarının inkişafı, rəqəmsallaşma və maliyyə savadlılığının artırılması baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, “PAŞA Kapital” Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olmaqla, maliyyə bazarlarında uzunmüddətli təcrübəyə və peşəkar komandaya malikdir. Birbank isə innovativ rəqəmsal həlləri ilə tanınan aparıcı bank platforması kimi geniş istifadəçi kütləsinə xidmət göstərir.
Müəllif: Aynur Qəniyeva