“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
KOBİA-dan GDP-yə daxil olmuş məlumatda bildirilir ki, iclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar “Cibpay” MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, “Optima Business Solutions” MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç” MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.