Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil edib.
GDP Neft Fondunun yayımladığı məlumata istinadla xəbər verir ki, Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunub.
“Bazar iştirakçıları və Mərkəzi bankların uçot dərəcələri ilə bağlı gözləntilərinin tədricən uzlaşması fonunda ötən rüblərə nəzərən maliyyə bazarlarında faiz dərəcələri ilə qeyri-müəyyənlik səngiməkdədir. Nəticədə, həm dərc olunan göstəricilər, həm də proqnozlar əsasında növbəti rüblərdə uçot dərəcələrinin aşağı düşməsi gözləntiləri kapital bazarlarında nikbin mühit formalaşdırır”, – məlumatda bildirilir.