Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Sinqapurda Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) hüquq sahəsində keçirilən beynəlxalq sammitində təmsil olunub.
GDP xəbər verir ki, “Baker McKenzie” və Sinqapur İnvestisiya Korporasiyasının (GIC) birgə təşkilatçılığı ilə keçirilən üçgünlük tədbirdə suveren fondlardan və özəl sektordan 200-dən çox nümayəndə iştirak edib.
Sammitdə iştirakçılar qlobal vergi siyasətləri, süni intellektlə bağlı risklər və idarəetmə mexanizmləri, komplayns sahəsində qabaqcıl təcrübələr, habelə geosiyasi dəyişikliklər fonunda beynəlxalq investisiyalar kimi aktual mövzuları müzakirə ediblər.
Tədbir çərçivəsində keçirilən “Komplayns funksiyası – ən yaxşı təcrübələr və bilik mübadiləsi” adlı panel müzakirəsində ARDNF-nin Komplayns üzrə meneceri Nigar Usubova çıxış edib. O, Fond və SFBF tərəfindən birgə hazırlanmış “Komplayns kontekstində: suveren fondlarda idarəetmə strukturları və risklərin prioritetləşdirilməsi” adlı yeni hesabat barədə məlumat yayıb.
Nigar Usubova çıxışında ARDNF-də komplayns fəaliyyətinin məlumat əsaslı qərarvermə, hesabatlılığın təkmilləşdirilməsi və texnoloji həllərin tətbiqi vasitəsilə davamlı inkişaf etdiyini bildirib. O, həmçinin beynəlxalq təcrübənin və bençmarkların komplayns sistemlərinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.