İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi barədə aparılan maarifləndirmə tədbirləri davam etdirilir. Bu silsilədən olan növbəti təlim Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə keçirilib.
GDP xəbər verir ki, Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən bir sıra məqamlara dair təşkil edilmiş seminarda ATİB-ə üzv olan şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və ATİB-in sədri Mürsəl Rüstəmov açılış nitqi ilə çıxış edərək Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, onun milli iqtisadiyyatın və azad sahibkarlığın inkişafına, eləcə də ölkədə sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasına müsbət təsirləri barədə məlumat veriblər.
Daha sonra Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdir müavini Şəmsi Rzalı təqdimatla çıxış edərək Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, strukturu, üstünlükləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verib.
Bundan əlavə, rəqabəti məhdudlaşdıran sazişlər, təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.