Xəzər dənizinin Qazaxıstan sahilində, Kenderli kəndi rayonunda azərbaycsnlı iş adamı Emin Ağalarovun beynəlxalq səviyyəli turizm kompleksinin tikintisi nəzərdə tutulur.
GDP xəbət verir ki, Qazaxıstanın yerli dövlət qurumlarının açıqlamalarına görə, kompleksin baş planı 2026-cı ilin aprel-may aylarında hazır olacaq.
Qazaxıstanın Turizm Sənayesi Komitəsinin səlahiyyətli sədri Nurbol Bayjanovun sözlərinə görə, ötən ildən etibarən “Kazakh Tourism” milli şirkəti Ağalarovla birgə işləyir. Bu müddət ərzində həm Azərbaycanda, həm də Qazaxıstanın Mangistau vilayətində bir neçə görüş və yerində müşavirələr keçirilib.
Konseptual olaraq layihənin Emin Ağalarovun Bakıda inşa etdirdiyi məşhur “Sea Breeze” kurortuna bənzədilməsi planlaşdırılır. Baş plan tamamlanıb rəsmi müzakirələr yekunlaşdıqdan sonra kompleksin inşasının dəqiq vaxt çərçivələri və tələb olunan investisiyanın həcmi barədə rəqəmlər açıqlanacaq. Hazırda layihənin yekun dəyəri və icra müddəti ilə bağlı rəsmilər dəqiq məlumat vermirlər.
Rəsmi dairələr bu layihənin Qazaxıstanın Xəzər sahilində turizm potensialını beynəlxalq səviyyəyə çıxaracağını vurğulayırlar. Yeni kurort kompleksinin həm yerli iqtisadiyyata, həm də regionun turizm sektoruna uzunmüddətli töhfə verəcəyi gözlənilir.
Müəllif:Aynur Qəniyeva

