Dövlət Vergi Xidmətinin (DVX) məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən müəyyən edilmiş sektorda muzdlu iş üzrə işçilərin sosial sığorta haqlarının hesablanması zamanı aylıq gəlirin 8000 manatadək olan hissəsi üçün cari tariflər qüvvədə qalacaq.
GDP -yə Vergi Xidmətindən verilən məlumata əsasən, əmək haqqının 8000 manatdan yuxarı olan məbləği üçün sosial sığorta haqlarının ümumi dərəcəsi 25 faizdən 21 faizə endiriləcək. Bununla da, işçilərin 8000 manatdan artıq əmək haqqından tutulan ayırmaların dərəcəsi 10 faiz, işəgötürənin ödədiyi ayırmaların dərəcəsi isə 11 faiz təşkil edəcək.
Beləliklə, 2026-cı ildən etibarən yüksək gəlirli işçilərin sosial sığorta haqlarının hesablanması zamanı 8000 manatdan yuxarı hissəyə görə tariflər 4 faiz azalacaq. Bu dəyişiklik müəyyən edilmiş sektorda fəaliyyət göstərən işçi və işəgötürənlərə aid edilir.

