Azərbaycan və ABŞ “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) çərçivəsində elektrik enerjisinin ötürülməsi perspektivlərini və bu istiqamətdə Amerika şirkətləri ilə əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, müzakirələr ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Huş Çoksinin rəhbərlik etdiyi biznes missiyası çərçivəsində, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən dəyirmi masa zamanı aparılıb.
Tədbirdə SOCAR, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Azərbaycan–ABŞ enerji tərəfdaşlığının mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu əməkdaşlıq milli, regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla icrasına mühüm töhfə verib, Amerika şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb.
Nazirliyin məlumatına görə, dövlət başçılarının regionda sülhün təmin olunmasına və Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq əsasında inkişafına yönəlmiş siyasətinin enerji sahəsində əməkdaşlığa əlavə impuls verdiyi qeyd edilib.
Bununla yanaşı, Azərbaycanın enerji sahəsinin bütün növlərini ardıcıl şəkildə inkişaf etdirdiyi, regional enerji əlaqələrini şaxələndirdiyi, elektrik enerjisi ixracı da daxil olmaqla enerji təchizatçısı kimi rolunu genişləndirdiyi və enerji resurslarının əhəmiyyətli hissəsini data mərkəzlərinin tələbatının ödənilməsinə yönəltdiyi bildirilib.
Müzakirələr zamanı neft, qaz, bərpa olunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin SOCAR ilə ExxonMobil arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.
Eyni zamanda Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji dəhlizlərinin reallaşdırılması perspektivləri qiymətləndirilib və enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiyalar üzrə Azərbaycan ilə ABŞ arasında əməkdaşlığa qarşılıqlı maraq ifadə olunub.



