ETX vətəndaşları, mobil mesajlaşma platformalarında, xüsusilə “WhatsApp”-da son dövrdə artan dələduzluq halları qarşısında ehtiyatlı olmağa çağırır.
Son zamanlar bilinməyən və ya tanış nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində istifadəçilərin hesablarına icazəsiz giriş cəhdlərinin sayı kəskin şəkildə artıb. GDP Elektron Təhlükəsizlik Xidmətinə istinadla xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri bildirir ki, dələduzlar bu üsulla vətəndaşlara SMS vasitəsilə göndərilən “One-Time Password” (OTP) və ya təsdiqləmə kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı təqdirdə istifadəçilərin “WhatsApp” hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaitləri və şəxsi məlumatları oğurlanma təhlükəsi altında qalır.
Təhlükəsizlik Tədbirləri
Bu artan təhlükə qarşısında ETX vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
-
Şübhəli keçidləri açmayın: Tanımadığınız nömrələrdən gələn linklərə daxil olmadan əvvəl iki dəfə düşünün.
-
Təsdiqləmə kodlarını paylaşmayın: OTP və təsdiqləmə kodlarınızı heç kəslə, hətta tanışlarınızla belə bölüşməyin. Rəsmi “WhatsApp” heç vaxt sizdən bu kodu tələb etməz.
-
İkimərhələli təsdiqləməni aktivləşdirin: Tətbiqin parametrlərində bu funksiyanı aktiv etməklə hesabınızı əlavə bir mühafizə təbəqəsi ilə qoruyun.
-
Profil məlumatlarını məhdudlaşdırın: “Son görülmə”, “profil fotosu” və “status” kimi məlumatları yalnız kontaktlarınıza görünəcək şəkildə təyin edin.
-
Tətbiqləri rəsmi mənbələrdən yükləyin: Proqramları yalnız rəsmi mağazalardan (Google Play Store, Apple App Store) endirin.
-
Dəstək xidmətinə müraciət edin: Şübhəli fəaliyyət və ya hesabınıza icazəsiz giriş cəhdi ilə qarşılaşdıqda dərhal tətbiqin rəsmi dəstək xidməti ilə əlaqə saxlayın.
-
Yaxınlarınızı məlumatlandırın: Xüsusilə yaşlı və texnologiyadan az istifadə edən qohum və yaxınlarınızı bu cür dələduzluq üsulları barədə məlumatlandırın.
Bu sadə tədbirlərə əməl etməklə, şəxsi məlumatlarınızı və maliyyə vəsaitlərinizi oğruların cəhdlərindən qorumaq mümkündür.

