Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib.
GDP xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
1977-ci ildə anadan olan Fərid Baxşıyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr dərəcələri üzrə başa vurub. O, həmçinin Böyük Britaniyanın nüfuzlu Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Peşəkar fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayan F.Baxşıyev, sonrakı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı və “Azərbaycan Dəmir Yolları” QSC-də İnvestisiya şöbəsinin rəisi vəzifələrində çalışıb. O, həmçinin “KPMG Azərbaycan” və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələri icra edib.
Qeyd edək ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Maliyyə Nazirliyinin strukturuna daxil olan bu qurum dövlət mülkiyyətində olan və nəzarət səhm paketi dövlətə məxsus olan hüquqi şəxslərin, habelə publik hüquqi şəxslərin büdcə layihələrinin, proqnozlarının və xərc smetalarının icra vəziyyətini monitorinq etmək, eləcə də onların icra göstəricilərini təhlil etmək səlahiyyətinə malikdir.

