Kapital Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Fərid Hüseynov bankdakı fəaliyyətinin 10 illik yubileyini qeyd edib.
Hüseynov sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, 2015-ci ildə Baş Əməliyyat İnzibatçısı kimi fəaliyyətə başlayıb və hazırda İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, bu məsuliyyəti ona həvalə edən və dəstək olan şəxslərə təşəkkürünü bildirib.
“150 ildən çox tarixi ilə ölkənin ilk bankı olaraq dəyərli bir irsi daşıyan Kapital Bank-da məqsədimiz bu böyük uğurların davamına öz töhfəmizi vermək, onu gələcəyin bankına çevirməkdir. Biz bu missiya ilə hər gün milyonlarla insanın gündəlik həyatına təsir edən və sosial təsiri gücləndirməkdə payı olan həllər yaradırıq”, – deyə Hüseynov vurğulayıb.
Bank rəhbəri qeyd edib ki, rəqəmsal bankçılıqda əldə edilən irəliləyişlər və maliyyə ekosistemində tutulan mövqe bir gündə formalaşmayıb. Bunlar uğurlu strategiyanın, innovasiyaya açıqlığın və dəyişən mühitə çevik reaksiyanın göstəricisidir.
Fərid Hüseynov uğurların fərdlərin deyil, məqsədləri eyni olan insanların birlikdə əldə etdiyi gücün nəticəsi olduğunu bildirib və 10 il ərzində bu yolu paylaşan bütün həmkarlarına, keçmiş və indiki komanda üzvlərinə təşəkkür edib.