Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) 2022-ci ildən etibarən tənzimləyici nəzarəti gücləndirib. AMB-nin bu istiqamətdə təşəbbüsləri, xüsusilə də istehlak kreditləşməsi seqmentində effektiv makroprudensial tədbirlərin həyata keçirilməsi və tənzimlənin gücləndirilməsi bankların risk profilinə müsbət təsir göstərib.
GDP xəbər verir ki, “Fitch” Beynəlxalq Reytinq Agentliyi hesab edir ki, AMB artıq problemli aktivlər üzrə aşağı ehtiyatlanma və əlaqəli tərəflərin risklərinin tanınmaması ilə bağlı məsələlərə daha sərt mövqe nümayiş etdirir. Beləliklə də, agentlik yerli bankların “bb” əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “tənzimləyici və hüquqi çərçivəni” ləğv edib.
Agentliyin hesabatında qeyd olunub ki, AMB 2022-ci ilin sentyabr ayında izafi likvidliyi idarə etmək və yenidən maliyyələşdirmə dərəcəsinin ötürücülüyünün təkmilləşdirilməsi üçün pul siyasəti alətlərini konfiqurasiya edib. Bu da yerli banklara likvidliyin idarə edilməsi üzrə daha çox alətlərin təqdim olunmasına imkan verib.
“Fitch” Beynəlxalq Reytinq Agentliyi hesab edir ki, görülən işlər qısamüddətli banklararası bazarın daha da aktivləşməsi ilə nəticələnib. Agentlik yerli maliyyə bazarında nəzərəçarpan inkişaf dinamikasına görə əməliyyat mühiti balına mənfi düzəliş kimi nəzərdə tutulan “maliyyə bazarının inkişafı”nı da ləğv edib.