“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda vebinar təşkil edib.
GDP xəbər verir ki,vebinarda agentliyin rəsmiləri Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri ilə bağlı qiymətləndirmələrini təqdim ediblər.
Bildirilib ki, Azərbaycanda yüksək maliyyələşmə çevikliyi və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş tənzimləyici çərçivə formalaşıb. Bu amillər bank sektorunun ümumi dayanıqlığını gücləndirən əsas faktorlar sırasında yer alır.
“Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycanın bank sektoru hazırda COVID-19 pandemiyasından əvvəlki dövrə nisbətən daha dayanıqlıdır. Sektorun gəlirliliyi artıb, banklar adekvat kapitallaşma səviyyəsinə, təkmilləşdirilmiş risk idarəetmə sistemlərinə və daha şaxələndirilmiş maliyyələşmə bazasına malikdir. Bu göstəricilər bankların maliyyə dayanıqlılığını dəstəkləyir.
Eyni zamanda qeyd olunub ki, aktivlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi son illərdə bank sektorunda əsas maliyyə göstəricilərinin davamlı şəkildə yaxşılaşmasına şərait yaradıb.
Agentliyin məlumatına əsasən, Azərbaycan bankları adekvat səviyyədə kapitallaşıb və Bazel III tələblərini yerinə yetirməyə hazırdır. Bununla yanaşı, sektorda tətbiq olunan nəzarət alətləri pərakəndə kreditləşmənin artım templərinin azalmasına səbəb olub ki, bu da risklərin daha effektiv idarə olunmasına xidmət edir.
“Fitch Ratings”in təqdim etdiyi bu qiymətləndirmələr Azərbaycanın bank sektorunun orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişaf potensialına malik olduğunu göstərir.

