Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin sonuna qədər pul siyasətində ehtiyatlı mövqe saxlayacağı gözlənilir.
GDP xəbər verir ki,Beynəlxalq analitik şirkəti “Fitch Solutions” Azərbaycan iqtisadiyyatı ilə bağlı 2026-cı il üçün proqnozlarına görə, tənzimləyici qurum uçot dərəcəsini mərhələli şəkildə 6,50%-dən 6,00%-ə endirə bilər.
Qiymətləndirmələrə görə, faiz dəhlizində mümkün yumşalma makroiqtisadi sabitliyin qorunması və inflyasiya gözləntilərinin nəzarətdə saxlanılması fonunda həyata keçiriləcək. Uçot dərəcəsinin azaldılması kredit bazarında aktivliyin stimullaşdırılmasına və maliyyə şərtlərinin nisbətən yumşalmasına xidmət edə bilər.
Valyuta siyasəti ilə bağlı isə manatın məzənnəsinin sabit saxlanılacağı bildirilir. Məlumata görə, AMB müdaxilə mexanizmlərindən istifadə etməklə milli valyutanın 1 ABŞ dollarına qarşı 1,70 AZN səviyyəsində qorunmasını davam etdirəcək.
Beləliklə, 2026-cı ildə pul siyasətinin əsas prioriteti qiymət sabitliyi və valyuta bazarında balansın təmin edilməsi olacaq.

