Fransa Mərkəzi Bankı 129 ton qızıl ehtiyatının ABŞ-da yerləşən anbarlardan Parisə daşınması prosesini tamamlayıb. Bu barədə bank rəsmi məlumat yayıb.
Daşınma prosesi 2025-ci ilin iyul ayında başlayıb və cari ilin yanvarında yekunlaşıb. Köhnə külçələrin satışından əldə edilən gəlir təxminən 13 milyard avro (15,1 milyard dollar) təşkil edib.
Ekspertlər qeyd edir ki, Rusiya hakimiyyətinin qızıl ehtiyatları ilə bağlı yaranmış vəziyyət Avropa mərkəzi banklarının fiziki qızılı geri qaytarmaq marağına təkan verib. Artıq Hindistan və Serbiya da qızıl ehtiyatlarının repatrasiyası prosesinə başlayıb.
Almaniya, İtaliya, Polşa və Rumıniyada da oxşar çağırışlar səsləndirilir. Mərkəzi bankların qızıl ehtiyatlarını öz ölkələrinə köçürmək istəyi qlobal maliyyə sistemində etimad və təhlükəsizlik məsələlərinin aktuallığını artırır.
Qeyd edək ki, qızıl ehtiyatlarının xarici ölkələrdə, xüsusilə ABŞ-da saxlanması uzun illər beynəlxalq təcrübə olsa da, son dövrdə geosiyasi risklər fonunda bir çox ölkələr bu təcrübədən imtina edir.

