“PASHA Holding” artıq IPO prosesinə və korporativ idarəetmə standartlarına tam hazırdır.
Bunu holdingin baş icraçı direktorunun müavini, “Bir” ekosisteminin baş icraçı direktoru və “PASHA Financial Holding”in rəhbəri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, requlyatorun aktivliyi şirkətlərdə müstəqilliyin real dəyərini göstərib. Məmmədov qeyd edib ki, Gürcüstan müstəqil müşahidə şurası üzvlərinin, o cümlədən qadınların şuralarda iştirakının təmin edilməsi kimi təşəbbüslərə Azərbaycandan bir neçə il əvvəl başlayıb.
“Əvvəllər bəzi standartlar formal görünə bilərdi. Lakin regulyator tələbləri tətbiq olunduqca müstəqilliyin şirkətlərə nə qədər dəyər qatdığını gördük”, – o bildirib.
Məmmədov vurğulayıb ki, holdinqdə müşahidə şurası yüksək səviyyəli, qlobal bank və qeyri-bank təcrübəsinə malik, həmçinin müstəqil üzvlərdən formalaşıb və bu baxımdan təşkilat IPO-ya tam hazırdır.
O qeyd edib ki, investorlar şirkətin IPO-ya hazırlıq prosesində korporativ idarəetmə standartlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirməlidirlər. Holdinq uzun illərdir bu standartları tətbiq etdiyini və bütün şirkətlərin yetkinlik səviyyəsinin yüksək olduğunu bildirir.
Məmmədovun sözlərinə görə, əsas dəyişikliklərdən biri holdingin yalnız əsas səhmdar kimi qalmaqdan daha çox digər investorlar və minoritar səhmdarlar üçün yer açan modelə keçməsidir. Böyük investor kimi sinerji və idarəetmə üstünlükləri qorunacaq, lakin daha inklüziv səhmdar strukturu formalaşdırılacaq.
O əlavə edib ki, “PAŞA Bank” üçün prioritet istiqamətlərdən biri ictimaiyyət və investorlarla daha aktiv və proaktiv kommunikasiya qurmaq, investor əlaqələri sahəsini yeni səviyyəyə yüksəltməkdir. Bu yanaşma həm rəqəmsal kanalların genişləndirilməsini, həm də minoritar səhmdarların maraqlarına daha çox diqqət ayrılmasını nəzərdə tutur.
Məmmədov bildirib ki, holdingin bu sahədə artıq təcrübəsi mövcuddur. Belə ki, Kapital Bank”da minoritar səhmdarlarla münasibətlərin qurulması istiqamətində uğurlu praktika formalaşıb.
Onun fikrincə, bank IPO çərçivəsində tələb olunan korporativ idarəetmə standartlarına illərdir hazırlaşır və hazır vəziyyətdədir.
Müəllif: Aynur Qəniyeva

