The Wall Street Journal-ın JPMorgan Chase Institute analitik mərkəzinin araşdırmasına istinadən verdiyi xəbərə görə, ABŞ gəncləri getdikcə əlçatmaz hala gələn mənzil almaq əvəzinə, fond bazarına investisiya yatırmağa üstünlük verir.
Araşdırmanın nəticələrinə əsasən, 2013-cü ildən 2023-cü ilədək olan dövrdə 25-39 yaş arası insanlar arasında broker hesablarına vəsait köçürənlərin payı üç dəfədən çox artaraq 14,4%-ə çatıb. Daha çarpıcı mənzərə 26 yaşlılar arasında müşahidə olunub: 22 yaşından sonra ən azı bir dəfə investisiya edənlərin payı 2015-ci ildəki 8%-dən 2025-ci ilin mayına qədər 40%-ə yüksəlib.
JPMorgan Chase İnstitutunun tədqiqat direktoru Corc Ekerd qeyd edib: “Son illərdə pərakəndə investisiyalarda güclü artım müşahidə edirik. Bu insanlar başqa halda ilk evlərini ala bilərdilər”. Ekerd, həmçinin aşağı gəlirli gənc investorların sayının artması ilə eyni vaxtda mənzil bazarındakı aktivliyin azalmasına diqqət çəkib.
Qəzetin yazdığına görə, gənc nəslin davranış dəyişikliyinin əsas sürücüsü mənzil alışının iqtisadi baxımdan səmərəsiz hala gəlməsidir.

