Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə avtomobil yollarının tikintisi üçün tender elan edilib.
GDP -nin məlumatına görə, bu barədə Sputnik Gürcüstan Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadən xəbər verir.
Söhbət Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan və Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Rustavi-Qırmızı körpü və Algeti-Sadaxlo yollarının hissələrinin tikintisindən gedir.
Layihə Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstan hökumətinin birgə maliyyələşdirməsi ilə həyata keçiriləcək və AİB bunun üçün 250 milyon avro kredit ayırıb.
Əsas yolun hissələrinin layihələndirilməsi işləri Dünya Bankının (DB) maliyyə dəstəyi ilə Hollandiya şirkəti tərəfindən həyata keçirilib.
Şərq-Qərb magistralı və ya Avropa Tranzit Yolu E-60 Brestdən (Fransa) başlayıb İrkeştamda (Qırğızıstan) bitən ikinci ən böyük Avropa tranzit dəhlizidir. Gürcüstanda E-60 Azərbaycanla sərhəddən başlayır və Qara dəniz sahilində Poti limanı yaxınlığında bitir, buradan marşrut Türkiyə sərhədinə qədər davam edir.