Pasportun gücü – vətəndaşın əvvəlcədən viza almadan hansı ölkələrə səyahət edə biləcəyini göstərən beynəlxalq göstəricidir. Bu reytinqə görə, səyahət azadlığı pasportun verdiyi imkanlarla birbaşa əlaqəlidir. Belə ki, vətəndaş vizasız, ya da gəlişdə viza ilə nə qədər çox ölkəyə səfər edə bilirsə, həmin pasportun gücü də bir o qədər yüksək sayılır.
Henley & Partners şirkəti tərəfindən açıqlanan 2025-ci il üçün pasport reytinqində dünyada liderliyi Sinqapur tutur. Bu ölkənin pasportu 193 ölkəyə vizasız və ya gəlişdə viza ilə səyahət imkanı yaradır ki, bu da vətəndaşlara ən yüksək səviyyədə sərbəst hərəkət azadlığı verir.
GDP xəbər verir ki,Azərbaycan reytinqdə 68-ci yerdədir. Azərbaycan vətəndaşları hazırda 72 ölkəyə əvvəlcədən viza almadan səyahət edə bilirlər. Bu göstərici ölkəmizin beynəlxalq səyahət imkanlarını genişləndirmə istiqamətində addımlar atmasının vacibliyini göstərir.
MDB ölkələri arasında reytinqdə Ukrayna ön sıralarda yer alır. Ukrayna vətəndaşları 147 ölkəyə vizasız səyahət edə bilir. Ardınca Moldova gəlir – bu ölkənin vətəndaşları 124 ölkəyə rahatlıqla səfər edə bilirlər. Gürcüstan pasportu da 123 ölkəyə vizasız giriş imkanı ilə regionda üst sıralarda qərarlaşır.
Rusiya 114 ölkə ilə orta səviyyədə mövqe tutur. Belarus pasportu 81, Qazaxıstan isə 79 ölkəyə vizasız və ya gəlişdə viza ilə giriş imkanı verir.
Ermənistan pasportu 67 ölkəyə səyahət imkanı verir və region üzrə sıralamada Azərbaycanla yaxın mövqedə qərarlaşır. Daha aşağı pillələrdə isə Qırğızıstan (63 ölkə), Özbəkistan (62 ölkə), Tacikistan (56 ölkə) və Türkmənistan (49 ölkə) yer alır.
Bu göstəricilər ölkələrin beynəlxalq münasibətlərinin, siyasi sabitliyinin və diplomatik əlaqələrinin səyahət azadlığına necə birbaşa təsir etdiyini nümayiş etdirir.