Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin bəzi bölmələri üzrə xərclər müvafiq dövrün proqnozundan əhəmiyyətli dərəcədə kənarlaşıb.
GDP xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Bildirilir ki, bunlar ümumi dövlət xidmətləri, Müdafiə və milli təhlükəsizlik, Təhsil, Sosial müdafiə və sosial təminat, Mənzil və kommunal təsərrüfatı, Əsas bölmələrə aid edilməyən xidmətlərdir.
Dövr ərzində dövlət əsaslı vəsait qoyuluşu xərcləri cari ilin ötən dövründə 937,3 milyon manat və yaxud ilkin təsdiq edilmiş illik məbləğin 37,8 %-i, yenidən baxılmış məbləğin isə 28,8 %-i qədər icra edilib. Baxılan dövr ərzində 24 sifarişçi təşkilat üzrə 144 layihə üçün nəzərdə tutulmuş 701 milyon manat vəsaitin ödənişinə başlanılmayıb, 13 sifarişçi təşkilata isə birinci yarımil ərzində ümumiyyətlə vəsait ödənişi həyata keçirilməyib. Bundan əlavə, 6 ayın sonuna olan məlumatlara əsasən əsaslı vəsait qoyuluşu üzrə 94,5 milyon manat bölüşdürülmədən ehtiyat kimi saxlanılıb.