Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən yeni www.tpl.az onlayn platforması istifadəyə verilib.
Yeni platforma, sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan sıxlıq və gecikmələrin qarşısını almaq məqsədini güdür, həmçinin sığorta xidmətlərinin daha sürətli və əlçatan olmasını təmin edir.
Yeni sistemin əsas üstünlüyü, istifadəçilərə sərhəd sığorta müqavilələrini Azərbaycan Respublikasına daxil olmadan əvvəl onlayn şəkildə əldə etmək imkanı yaratmasıdır. Platformada istifadəçi zəruri məlumatları daxil edərək sığorta şirkətləri arasından seçim edir və elektron ödəniş həyata keçirir. Bu, sərhəd keçidində vətəndaşlara daha rahat və sürətli sığorta xidmətləri təqdim etməyə imkan verir.
Platformanın əsas xüsusiyyətləri arasında sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı, istifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq, sığorta şirkətləri arasında seçim imkanı və müqavilələrin real vaxt rejimində yoxlanılması yer alır. Həmçinin, xarici vətəndaşların platformadan istifadəsini təmin etmək məqsədilə maarifləndirmə işlərinə başlanılıb.
Yeni sistem, Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verərək xidmət keyfiyyətinin artırılmasına yönəlib. Bu platforma, həmçinin sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini daha çevik və operativ hala gətirir, müştəri məmnuniyyətini yüksəldir.