İcbari Sığorta Bürosu (İSB) sığorta sektorunda köklü dəyişikliklər nəzərdə tutan 2025-2027-ci illər üçün strateji planını təqdim edib.
GDP xəbər verir ki,yeni plan süni intellekt texnologiyaları və innovativ yanaşmalar əsasında qurulan “InsurTech” modeli ilə sektorun rəqəmsal dönüşümünü hədəfləyir.
İSB-nin əsas prioritetlərindən biri süni intellekt və böyük məlumat analitikasına əsaslanan qərarvermə sistemlərinin yaradılmasıdır. Bu çərçivədə Vahid Məlumat Mərkəzinin qurulması, AI texnologiyalarının geniş tətbiqi və avtomatlaşdırılmış proseslər vasitəsilə xidmət keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Büro, süni intellektin tətbiqi ilə kompensasiya ödənişlərinin sürətləndirilməsi, risk qiymətləndirmələrinin daha dəqiq aparılması və subrogasiya mexanizmlərinin təkmilləşdirilməsini planlaşdırır.
Şəffaflıq və korporativ idarəetmə sahəsində də əhəmiyyətli yeniliklər gözlənilir. İSB, yenilənmiş idarəetmə modeli ilə ictimai hesabatlılığı artırmaq və risklərin idarə edilməsi üçün müasir mexanizmlər tətbiq etmək niyyətindədir. Texnoloji infrastrukturun gücləndirilməsi istiqamətində isə “kağızsız büro” konsepsiyasının həyata keçirilməsi və kibertəhlükəsizlik tədbirlərinin artırılması prioritet kimi qeyd edilib.