Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirici təlimlərə başlanılıb.
GDP xəbər verir ki, təlimlərin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, həmçinin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası haqqında ətraflı məlumat verməkdir. Təlimlər, həmçinin istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə iştirakçıların biliklərini artırmağa yönəlib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də keçirilən ilk təlimdə qurumun 18 əməkdaşı iştirak edib. Təlimdə Əməyin Mühafizəsi Mərkəzinin və İcbari Sığorta Bürosunun nümayəndələri əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə təqdimatlar ediblər.
Bundan əlavə, təlimdə əməyin mühafizəsi sahəsində qəbul edilmiş 58 yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, maarifləndirmə təlimlərinin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.