İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 milyon manat məbləğində kredit verilib.
GDP Fonda istinadən verir ki, 2025-ci il iyulun 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə verilən kreditlərin 38,2 milyon manatı cari ilin yanvar-iyun aylarının payına düşür. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 28 ay təşkil edib.
Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 faiz olub. Bir sahibkara ayrılan kreditin məbləği 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 5700 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinə başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin tətbiqinə başlanılıb.