İntel Corporation-un baş icraçı direktoru Pət Gelsinger dekabrın 1-də vəzifəsindən istefa verərək şirkətin Direktorlar Şurasını tərk edib. GDP xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. Gelsinger Intel-ə dörd il rəhbərlik edib və bu müddətdə çip istehsalçısının bazar dəyəri kəskin azalıb. Şirkət rəqibləri ilə müqayisədə üstünlüyünü itirərək bazar payını əldən verib. Xüsusilə süni intellekt texnologiyalarını dəstəkləyən çiplər sahəsində geri qalması nəzərə çarpır. Bu barədə CNBC məlumat yayıb.
Baş direktor vəzifəsini müvəqqəti olaraq maliyyə direktoru Devid Zinsner və icraçı vitse-prezident Mişel Holtahaus icra edəcəklər. Direktorlar Şurasının müvəqqəti sədri isə Frank Yeri olacaq. İntel-in səhmləri bazar ertəsi ilkin sessiyada 4% bahalaşıb. Bununla belə, ilin əvvəlindən etibarən şirkətin bazar dəyəri iki dəfə azalaraq 103,7 milyard dollara düşüb.