2025-ci ilin yanvar–noyabr dövrü üzrə investisiya şirkətlərinin ümumi əməliyyat həcmləri bazarın strukturunda müşahidə olunan əsas tendensiyaları aydın şəkildə ortaya qoyur. Ümumi bazar həcmi 123,8 milyard manat təşkil etmiş və bu həcm müxtəlif şirkətlər arasında fərqli səviyyələrdə paylanmışdır.
“PAŞA Kapital İnvestisiya Şirkəti” 40,9 milyard manatlıq əməliyyat həcmi ilə bazarın 33,10%-ni təşkil edərək sektorun lideri mövqeyinə yüksəlib. Onu illərdir bazarın ən böyük oyunçularından olan “ABB İnvest” izləyir. Şirkətin ümumi həcmi 34,9 milyard manat olmuş, bununla bazar payı 28,19% səviyyəsində qeydə alınmışdır.
Üçüncü yerdə qərarlaşan CPM-İnvest 5,8 milyard manatlıq əməliyyat həcmi və 4,71% bazar payı ilə bazardakı mövqeyini əvvəlki illərlə müqayisədə daha da gücləndirib. Daha sonra Assist Finance, Unicapital və İnvest-Az kimi şirkətlər gəlir; onların hər biri 1,8–3,3 milyard manat aralığında əməliyyat həcmi əldə edərək bazarın 1,8%–2,7% arasında payını təşkil edib.
2025-ci ildə bazarda yeni və ya fəallığı artan iştirakçıların da rolu diqqət çəkir. İlk dəfə olaraq statistik hesabatlarda yer alan Xalq Kapital İnvestisiya Şirkəti 2 milyard manatlıq əməliyyat həcmi ilə bazarın 1,66%-ni, Troni İnvestisiya Şirkəti isə 595 milyon manatlıq nəticə ilə 0,48% bazar payını formalaşdırıb.
Digər şirkətlərin bazar payları nisbətən kiçik olsa da, onların fəaliyyəti bazarın ümumi rəngarəngliyini təmin edir. “İnno Kapital” 278,7 milyon manatlıq həcmlə 0,23%, “CFI Financial” 207 milyon manatla 0,17%, MFX Trading isə 189 milyon manatla 0,15% paya sahib olub. Siyahının sonunda isə cüzi əməliyyat həcmi — 563 min manat — ilə “Xalq Bankı” ASC yer alır.
Ümumilikdə, 2025-ci ilin bazar mənzərəsi göstərir ki, fond bazarında liderlik əsasən iki böyük şirkət – “PAŞA Kapital” və “ABB İnvest” – ətrafında cəmlənib. Bununla yanaşı, orta seqmentdə rəqabət müəyyən qədər genişlənib, bazara yeni daxil olan və ya aktivliyini artıran iştirakçılar isə ümumi rəqabət dinamikasını gücləndirib. Bu struktur dəyişiklikləri investisiya şirkətləri arasında bazar payının daha çox konsentrasiyalı, lakin eyni zamanda daha rəqabətli mühitdə formalaşdığını göstərir.
İnvestisiya Şirkətlərinin ümumi əməliyyat həcmi və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)


