Bakı Fond Birjasının yayımladığı məlumata görə ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin 2025-ci ilin yanvar–iyul aylarında ümumi bazar həcmi 60,3 milyard manat təşkil edib. Bu göstərici üzrə lider mövqedə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Şirkət 26,6 milyard manatlıq əməliyyat həcmi ilə ümumi bazarın 44.12%-nə nəzarət edir. İkinci yerdə “ABB Invest İnvestisiya Şirkəti” QSC gəlir. Onun 20,8 milyard manatlıq dövriyyəsi 34.61% bazar payınabərabərdir. Bu iki aparıcı şirkət birlikdə bazarın təxminən 79%-ni təşkil edir ki, bu da onların dominant mövqeyini açıq şəkildə göstərir.
Üçüncü yeri “Assist Finance” tutur – 3 milyard manata yaxın əməliyyat həcmi ilə şirkət 5.02% bazar payına sahibdir. Ardınca “CPM-İnvest” 2,6 milyard manatlıq dövriyyə və 4.37% bazar payı ilə gəlir.
Digər şirkətlər arasında “Xalq Kapital” (2.97%), “Invest-Az” (2.24%) və “Unicapital” (2.18%) nisbətən balanslı bazar paylarına malikdirlər və orta ölçülü oyunçular kimi çıxış edirlər.
Kiçik bazar payı olan şirkətlər sırasında isə “Capital Partners” (1.30%), “Troni” (0.72%), “CFI Financial” (0.32%), “PSG Kapital” (0.28%) və “MFX Trading” (0.23%) yer alır.