İpoteka və Kredit Zəmanət Fondu “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsində Sumqayıt şəhərində 219 yeni mənzili vətəndaşların ixtiyarına verir.
GDP xəbər verir ki,mənzillər Sülh prospektində yerləşən yaşayış kompleksində yerləşir və tam təmirli vəziyyətdə təqdim olunur.
Təklif olunan yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Mənzillərin seçimi üçün elektron qapılar bu gün, 20 noyabr saat 15:00-da açılacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə Fondun veb-saytında yerləşdirilən keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi prosesi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçiriləcək.
Bu proseslə bağlı ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), YouTube kanalından və ya “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər “satmaq öhdəliyi ilə kirayə” mexanizmi vasitəsilə cəmi 8456 kirayə müqaviləsi bağlanılıb.

