Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu-nun zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi 684 milyon manata çatıb.
GDP xəbər verir ki, məlumata görə, ölkədə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Bildirilib ki, Prezidentin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanına əsasən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi və həmin kreditlər üzrə hesablanan faizlərə subsidiya mexanizmi tətbiq olunur. Fərmana uyğun olaraq kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişafı Fondun prioritet vəzifəsi kimi müəyyən edilib.
2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, Fondun təqdim etdiyi zəmanətlər hesabına müvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 684 milyon manat məbləğində kredit verilməsi təmin olunub. Təkcə 2025-ci il ərzində 147 milyon manat həcmində kreditə zəmanət təqdim edilib.
Mexanizm çərçivəsində bu günədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir. Faiz subsidiyası hesabına sahibkarların ödədiyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi orta hesabla 6,8 %-dir. Bir sahibkar üzrə kredit məbləği minimum 30 min manatdan maksimum 5 milyon manatadək dəyişir.
Zəmanətli kreditlər əsasən sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti, turizm, infrastruktur, maşın və avadanlıq istehsalı, həmçinin ticarət və xidmət sahələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu kreditlər hesabına maliyyələşən layihələr üzrə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda, Prezidentin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına uyğun olaraq dəstək alətləri genişləndirilib. Yeni mexanizmlər çərçivəsində mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyəyə çıxışı artırılıb.
Məlumata əsasən, 2025-ci ildə istiqraz emissiyası üzrə öhdəliklərin təminatı mexanizmi ilə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat zəmanət verilib. Kredit portfeli zəmanəti mexanizmi üzrə isə 360 sahibkarın 5,33 milyon manat kreditinə qarşı 4 milyon manat həcmində zəmanət təqdim olunub.

